Nəsimi bələdiyyəsinin sədri
1947-ci ilin may ayının 9-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Ali təhsillidir, 1969-cu ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1993-cü ildən YAP-ın üzvüdür, YAP-ın yaranmasında təşəbbüskarlıq göstərmiş 91-lərdən biridir. Ailəlidir, bir övlad atasıdır. Əmək fəaliyyətinə 1969-cu ildən başlamışdır. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuş, leytenant rütbəsi ilə taqım komandiri işləyib. 1971-1972-ci illərdə Bakının 246 saylı ümumtəhsil məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1972-1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Gənc müəllim»qəzetinin məsul katibi, 1984-2000-ci illərdə isə həmin qəzetin baş redaktoru olub.1979-cu ildə keçmiş SSRİ Jurnalistlər İttifaqına üzv seçilib,hazırda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1999-cu ildən Nəsimi bələdiyyəsinin üzvü, 2000-ci il yanvarın 18-dən 2005-ci ilədək Nəsimi bələdiyyəsinin ilk sədri kimi fəaliyyət göstərib. Bələdiyyələrə ikinci seçkilərdən sonra 2005-ci il yanvarın 18-dən yenidən bələdiyyə sədri seçilməklə fəaliyyətini hal-hazıra kimi davam etdirir. Ə.Q.Axundov mətbuatın 2002-ci ildə apardığı rəy sorğusuna görə «İlin nümunəvi bələdiyyə işçisi» adına, «Simurq » Fundamental Araşdırmalar Bürosunun həmin İldə keçirdiyi «Dövlətçiliyə əməli sədaqət» nominasiyasında ikinci yerə layiq görülmüşdür. 2002-ci ildə 3 illik «yekun nailiyyətlərə və səmərəli iş təcrübəsinə görə» Ə.Axundov Respublika Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqı tərəfindən «Tərifnamə» ilə, rəhbərlik etdiyi Nəsimi bələdiyyəsi isə xüsusi prizlə, Azərbaycan bələdiyyəsinin 4 illiyi münasibəti ilə «Qabaqcıl Bələdiyyə Bayrağı»və ona aid «Diplom »la təltif edilib. 2004-cü il may ayının 21-də İspaniyanın paytaxtı Madrid şəhərində nəşr olunan «Aktualidad» jurnalının Seçki Komitəsi keçirdiyi Beynəlxəlq müsabiqənin yekunlarına, «öz parlaq idarəçiliyinə, əla keyfiyyət göstəricisinə və nüfuzuna görə» Nəsimi bələdiyyəsini «Ənənə və nüfuz uğrunda Aktualidad XXI əsr beynəlxalq mükafatı»ilə təltif edib.Ə.Q.Axundov «Bələdiyyə həyatı» qəzetinin ilk redaktorlarından biri olmuşdur. Bələdiyyə işinin təşkili,əhalinin bələdiyyə şüurunun inkişaf etdirilməsi,ideya-siyasi tərbiyə, pedaqoji kadr hazırlığı və təhsil problemləri sahəsində 100-lərlə məqalənin müəllifi,bir neçə elmi-kütləvi və bədii kitabın,o cümlədən «Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı» (1997) kitabının redaktorudur. «Ümummilli liderimiz möhtərəm Heydər Əliyev ideyalarını layiqli təbliğ etdiyinə və dövrü mətbuatda müntəzəm çap olunan peşakar yazılarına görə» Azərbaycan Azad Qələmlər Cəmiyyətinin təsis etdiyi «Qızıl Qələm» Fəxri Mükafatı Laureatıdır.