Bələdiyyə qulluğu haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir.
Maddə 1. Bələdiyyə qulluğu haqqında qanunvericilik
Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 2. Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları
Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.
Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında tə`yin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir.
Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin tə`min olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.
Maddə 3. Bələdiyyənin icra aparatı
Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, onun "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunu və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilmiş qaydada formalaşdırdığı struktur bölmələrdən və digər icra strukturlarından ibarətdir.
Bələdiyyənin icra aparatının strukturunu, ştat cədvəlini və saxlanması xərcləri smetasını bələdiyyə təsdiq edir.
Bələdiyyənin icra aparatına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.
Maddə 4. Bələdiyyə icra aparatının tərkibi
Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şö`bə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.
Maddə 5. Bələdiyyə qulluğunun təşkili
Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələri daşıyırlar:
* bu Qanunun yerinə yetirilməsi üzərində nəzarət;
* ixtisasartırma sahəsində işin təşkil edilməsi;
* bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;
* bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi.
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlər bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin sədri birbaşa tə`yin edir.
Maddə 6. Bələdiyyə qulluqçularının hüquqları
Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:
* işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;
* vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri mə`lumat və sənədləri almaq;
* səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək;
* həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;
* ixtisas dərəcəsini və peşə hazırlığını artırmaq;
* bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
* öz hüquq və azadlıqlarının müdafiəsinin tə`minatını tələb etmək.
Maddə 7. Bələdiyyə qulluqçularının vəzifələri
Bələdiyyə qulluqçularının vəzifələri:
* öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək;
* vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;
* rəhbərliyin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək;
* əmək və icra intizamına riayət etmək;
* yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.
Maddə 8. Bələdiyyə qulluğu ilə bağlı qadağalar
Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə tutulur:
* qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq;
* vəzifəsinin icrası ilə bağlı ona bəlli olan mə`lumatdan xidməti vəzifədən kənar məqsədlər üçün istifadə etmək;
Maddə 9. Xidməti vəsiqə
Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa tə`yin edildikdən sonra xidməti vəsiqə verilir.
Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, mə`zuniyyəti, pensiyası və digər sosial tə`minatları
Bələdiyyə qulluqçularının iş vaxtı, mə`zuniyyəti, pensiyaların və başqa müavinətlərin tə`yin edilməsi və verilməsi qaydası və digər sosial tə`minatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər.
Bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər.
Bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilmələri üçün əsas ola bilməz.
Maddə 11. Bələdiyyə qulluqçusunun əmək haqqının müəyyən edilməsi
Bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir.
Maddə 12. Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət
Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər.
Maddə 13. Bu Qanunun pozulmasına görə məs`uliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs`uliyyət daşıyırlar.
Maddə 14. Bu Qanunun qüvvəyə minməsi qaydası
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLIYEV.
Bakı şəhəri, 30 noyabr 1999-cu il.