Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Rayonun yaradılması ümummilli lider Heydər Əliyevin respublikaya ilk dəfə rəhbər seçildiyi dövrə təsadüf etdiyindən sosial-iqtisadi inkişafı da onun fəaliyyəti ilə bağlıdır.
Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir.
Ermənistan Respublikasının təcacüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş soydaşlarımızın bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Ölkənin işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.
Nəsimi rayonunun paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir.
Şəhər Metropoliteninin “28 May”, “C.Cabbarlı”, “20 Yanvar” və “Əcəmi” stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Bakını bəzəyən Heydər Əliyev adına “İdman-Konsert Kompleksi”, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.
Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.
Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.
Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.
Nəsimi rayonundakı 7 mehmanxana – “Avropa” oteli, “Bakı”, “İSR Plaza”, “Ambassador”, “Halekai”, “İrşad” və “Diplomat” mehmanxanaları paytaxtın qonaqlarına xidmət göstərir.
1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün respublikada olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü dövlətçiliyin rəmzinə çevrilmiş “Heydər Əliyev adına Saray”dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucalır.
Bu gün Nəsimi rayonunda əzmkarlıqla davam etdirilən abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, körpülərin tikilməsi onun simasına bənzərsizlik bəxş edir.